Yelkənləri “endirdik”

Azərbaycan Respublikasının Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən Yay Məktəbinin bağlanış mərasimi təşkil edilmişdir. Tədbirdə AYİF-in idarəetmə komitəsinin üzvləri ilə yanaşı, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Milli.Az bildirir ki, AYİF-in prezidenti Qüdrət Qurbanov tədbiri giriş sözü ilə açaraq, ötən ay baş vermiş Rio Olimpiadasında idmançılarımızın uğurlarını və sözugedən Olimpiadada idmançıların sayına nisbətdə ölkəmizin ən çox medal qazanan ölkələr arasında birinci yeri tutmasını ölkədə idmana verilən önəmin göstəricisi olduğunu diqqətə çatdırdı. Cənab Qurbanov tədbirdə Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən görülən işlərdən və gələcək perspektivlərdən bəhs etdi, idmançılarımızın qısa müddət ərzində əldə etdikləri uğurları yüksək qiymətləndirərək, ölkədə ilk dəfə təşkil olunmuş Azərbaycan Yelkənli İdman Federasiyasinin “Optimist sinfi” üzrə Federasiya Kuboku yarışlarından məmnunluğunu bildirdi. Çıxış zamanı ölkədə sağlam həyat tərzinin təşfiq edilməsində və belə idman növlərinə cəmiyyətin marağının daha da artırılmasında kütləvi informasiya vasitələrinin əhəmiyyətindən bəhs edilərək, Federasiya rəhbərliyi tərəfindən bu prosesdə fəal iştirak edən media və digər tərəfdaşlara xatirə plaketləri təqdim edildi.

Sonra AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər – Burcu Algon Giorgianni, Seyhun Yıldız, Tuğçe Subaşı tərəfindən hesabat xarakterli təqdimat edildi və qarşıda gələn dövrdə idmançılarımız tərəfindən iştirak edilməsi gözlənilən beynəlxaq yarışlar haqqında geniş məlumat verdilər və gələn dövr üçün əsas hədəfin ölkəmizi Tokio Olimpiya İdman Oyunlarında layiqincə təmsil edə biləcək milli idmançılarımızın hazırlığı və iştirakı olacağını qeyd etdilər.
Tədbirdə AYİF tərəfindən təşkil edilmiş Yay Məktəbinin iştirakçılarına və qaliblərinə müvafiq sertifikatlar verildi, eləcə də, 8-9 sentyabr 2016-cı il tarixlərində təşkil edilmiş Optimist sinfi üzrə Federasiya Kuboku 2016 qalibləri elan edilərək mükafatlandırıldı. Kubokun 3-cü yer sahibi – Ismayıl Kərimov, 2-ci – Fərid Məmmədzadə, 1-ci – Selcan Abbas.

Tədbir çərçivəsində ölkədə yelkən idmanının geniş təbliğatı və cəmiyyətin bu idman növünə marağının artırılması üçün  “Media Müsabiqəsi 2016” elan edilərək, tədbirdə iştirak edən media nümayəndələrinə müsabiqənin şərtləri təqdim edildi. Müsabiqənin şərtləri və ərizəyə dair məlumatı AYİF-in internet səhifəsindən əldə etmək olar.