YELKƏN İDMANI ÜZRƏ YAY MƏKTƏBİNİN BAĞLANIŞ MƏRASİMİ

ESTAFET/ 9 Sentyabr tarixində Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən Yay Məktəbinin bağlanış mərasimi təşkil edilmişdir. Tədbirdə AYİF-in idarəetmə komitəsinin üzvləri ilə yanaşı, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Federasiya prezidenti Qüdrət Qurbanov Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən görülən işlərdən və gələcək perspektivlərdən bəhs edib. İdmançılarımızın qısa müddət ərzində əldə etdikləri uğurları yüksək qiymətləndirərək, ölkədə ilk dəfə təşkil olunmuş Azərbaycan Yelkənli İdman Federasiyasinin “Optimist sinfi” üzrə Federasiya Kuboku yarışlarından məmnunluğunu bildirdi. Çıxış zamanı ölkədə sağlam həyat tərzinin təşfiq edilməsində və belə idman növlərinə cəmiyyətin marağının daha da artırılmasında kütləvi informasiya vasitələrinin əhəmiyyətindən bəhs edilərək, Federasiya rəhbərliyi tərəfindən bu prosesdə fəal iştirak edən media və digər tərəfdaşlara xatirə plaketləri təqdim edildi.
Sonra AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər – Burcu Algon Giorgianni, Seyhun Yıldız, Tuğçe Subaşı tərəfindən hesabat xarakterli təqdimat edildi və qarşıda gələn dövrdə idmançılarımız tərəfindən iştirak edilməsi gözlənilən beynəlxaq yarışlar haqqında geniş məlumat verdilər. Gələn dövr üçün əsas hədəfin ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında layiqincə təmsil edə biləcək milli idmançılarımızın hazırlığı və iştirakı olacağını qeyd etdilər.
Tədbirdə AYİF tərəfindən təşkil edilmiş Yay Məktəbinin iştirakçılarına və qaliblərinə müvafiq sertifikatlar verildi, eləcə də, 8-9 sentyabr 2016-cı il tarixlərində təşkil edilmiş Optimist sinfi üzrə Federasiya Kuboku 2016 qalibləri elan edilərək mükafatlandırıldı. Belə ki, kubokun və qızıl medalın sahibi Selcan Abbas, gümüş medal Fərid Məmmədzadə və bürünc medal İsmayıl Kərimov federasiyanın prezidenti Qüdrət Qurbanov tərəfindən təltif olunmuşdu.
Tədbir çərçivəsində ölkədə yelkən idmanının geniş təbliği və cəmiyyətin bu idman növünə marağının artırılması üçün “Media Müsabiqəsi 2016” elan edilərək, tədbirdə iştirak edən media nümayəndələrinə müsabiqənin şərtləri təqdim edildi.

Mənbə: http://estafet.az/index.php?sectionid=news&id=361