YELKƏNLİ İDMAN FEDERASİYASINDAN DAHA BİR UĞURLU ƏNƏNƏ

ESTAFET/ Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) daha bir uğurlu ənənənin əsasını qoydu.  AYİF tərəfindən bu ilin sentyabr ayında elan edilmiş “Ən yaxşı məqalə”, “Ən yaxşı foto-reportaj” və “Ən yaxşı video-reportaj” nominasiyaları üzrə “Media Müsabiqəsi 2016” uğurla başa çatdırılmışdır. Federasiyadam verilən məlumata görə, müvafiq dövr ərzində müsabiqəyə çoxlu sayda material daxil olmuş, müsabiqə komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Bu məqsədlə, dekabr ayının 22-də Dövlət Dəniz Administrasiyasının inzibati binasında qaliblərin təltifetmə mərasimi keçirilmişdir.
Mərasimdə media nümayəndələri ilə birlikdə federasiya rəhbərliyi, aparıcı məşqçilər və tərəfdaş təşkilatların nümayəndələri iştirak edirdi. Tədbirdə federasiyanın ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat təqdim edildi və növbəti il üzrə tədbirlər planı haqda ətraflı məlumat verildi.
Daha sonra Federasiyanın Mətbuat katibi Nərmin Seyidova “Media Müsabiqəsi 2016”-nın qaliblərini elan etdi. Qaliblərə diplom və mükafatlar təqdim olundu. Bildirildi ki, müsabiqə ənənəvi xarakter alacaq və hər il keçiriləcək.
Qeyd edək ki, ESTAFET.AZ saytının redaktoru Natiq Nəsirov “Ən yaxşı məqalə” nominasiyası üzrə müsabiqənin qalibi oldu.