Yelkən Festivalı
Azərbaycanda ilk dəfə olaraq Caspian Events şirkətinin təşkilatı dəstəyi ilə, Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkil etdiyi yelkən festivalı keçirilmişdir.Festivalda Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, dövlət rəsmiləri və digər idman federasiyalarının rəhbərləri iştirak edirdilər.
29-31 iyul tarixlərində Park Bulvar AVM-nin 1-ci mərtəbəsində keçirilən festivalın ilk günü federasiyanın prezidenti Q.Qurbanovun açılış nitqi ilə başlayıb. O, öz çıxışında Azərbaycanda yelkənli idmanın inkişaf etdirilməsi sahəsində federasiyanın həyata keçirdiyi proqramlardan və gələcək dövr üçün hədəflənən planlardan danışıb: “Azərbaycan idman yarışlarında böyük uğur əldə edib”.
Festivalda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Xəzər dənizi sahilində yerləşən Bakıda uzun illər yelkən görmədiyi üçün təəssüfləndiyini bildirib: “Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan idman ölkəsidir. Bu şüar bizim qarşımızda böyük məqsədlər qoyur. Azərbaycanda bütün idman növləri inkişaf etməlidir. Belə düşünürəm ki, bizim coğrafi mövqeyimiz yelkən idman növünün Azərbaycanda daim inkişafda olmasına şərait yaradır. Federasiya qısa müddətdə yay məktəbi təşkil edib. Bu da idmanın inkişafını göstərir. Bu gün federasiyada maddi-texniki baza möhkəmlənir və yeni gələn idmançılar üçün imkanlar yaranır. Bu idman növünün gələcəyi var”.
Festivalın açılış mərasiminin ilk hissəsi ölkəmizdə Yelkənli İdman Federasiyasının fəaliyyəti və yelkənli idmanın tarixindən bəhs edən sənədli filmin təqdimatı ilə başlayıb. Filmdə yelkən idmanının Azərbaycanda inkişaf tarixi, SSRİ dövründə fəaliyyəti və müstəqil Azərbaycan tarixində Heydər Əliyevin idmana xüsusi diqqəti və qayğısı nəticəsində yelkənli idmanın yenidən dirçəlməsi, ilk Azərbaycan yelkənli idman üzrə milli yığma komandasının formalaşması haqqında kadrlar öz əksini tapıb. Festivalın ikinci hissəsi əyləncəli yelkən guşəsinin açılışı ilə davam edib. Guşədə yelkənli idmanla bağlı rəngarəng hədiyyəli oyunlar, maraqlı viktorinalar, musiqili proqram, əyləncə zonası, fotoguşə fəaliyyət göstərirdi.