Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Baku Sailing Regatta 2023” keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Azərbaycan Yelkən Federasiyasının (SFA) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə “Baku Sailing Regatta-2023” keçirilib.
“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan Regatta çərçivəsində yarışlara 26 mayda start verilib və üç gün, yəni 28 mayadək davam edib.
Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi mübarizədə idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə yarışıblar. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub. Yarışlar yerli və Türkiyənin peşəkar hakimlərinin iştirakı ilə baş tutub.
Yelkənçilərin final günündəki mübarizəsini Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Mr Ser Miang NG də izləyiblər.
Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışın nəticələri elan olunub, qaliblərə sertifikat və kuboklar təqdim edilib.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku Sailing Regatta” üçüncü dəfədir ki, təşkil olunur.