(Azərbaycan) ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 95 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YELKƏNLİ QAYIQ YARIŞI

Sorry, this entry is only available in Azərbaycan. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Müasir Azərbaycanın özünəməxsus inkişaf yolu ilə getməsi özünü bütün sahələrdə olduğu kimi, idmanda da göstərir. Tam məsuliyyətlə deyə bilərik ki, prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində indi ölkəmiz dünyanın idman mərkəzinə çevrilib. Bu sahədə əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının da diqqətindən  yayınmayıb. Məhz, bu qurumların istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib.  Buna misal olaraq, 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunlarını, nüfuzlu “Formula 1” yarışlarını, ötən il keçirilən IV İslam Həmrəyliyi Oyunlarını və Ümumdünya Şahmat Olimpiadasını göstərə bilərik.

Və bu danılmaz həqiqətdir ki, Azərbaycanın idman sahəsində qazandığı hazırkı uğurların təməlində Ulu Öndər Heydər Əliyevin gərgin əməyi dayanır.  O, ölkədə idmanın inkişafına məsuliyyəti öz üzərinə götürmüşdü və sağlam həyat tərzinin təbliği yönündə aparılan dövlət siyasətinə hər kəsi dəstək verməyə çağırırdı.

Bu missiyadan çıxış edərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”)  keçiriləcək.

Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif ( “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışacaqlar. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.

Dənizkənarı Milli Parkda keçiriləcək yarış çərçivəsində müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunacaq.

Bundan başqa, açıq havada sərgi təşkil ediləcək. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olacaqlar. Həmçinin, yarış boyunca qayıqların sahildə nümayişi də nəzərdə tutulub.

Bir sözlə, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) Dənizkənarı Milli Parka əsl festival ab-havası gətirəcək. Əylənmək, istirahət etmək və foto şəkillər çəkdirmək üçün əsl yaz fürsətidir.  Saat 11:00-dən 18:00-dək davam edəcək reqataya hər kəs dəvətlidir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə silsilə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Məhz, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) həmin tədbirlərin birincisidir.