BAKI, 11 yan — Sputnik. Azərbaycan Yelkən Federasiyasının (SFA) yığma komandası bu ilin 1 — 8 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olub. Federasiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, düşərgədə yelkənin Optimist və Lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımız iştirak edib.
“Bodrum 2017” düşərgəsi SFA-nın idman üzrə rəhbəri Burcu Algon Giorgianni, baş məşqçiləri isə Seyhun Yıldız və Tuğçe Subaşı olub. Düşərgədə, həmçinin yerli məşqçilər də iştirak ediblər.
Qeyd edək ki, 2016-cı ildən etibarən SFA tərəfindən hər il təşkil edilən “Bodrum düşərgəsi”nin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Belə ki, bu il ərzində yelkənçilərimizin bir sıra beynəlxalq yarışlarda, o cümlədən ilk dəfə olaraq, Tailandda Optimist sinfi üzrə Yelkənli İdman Dünya Çempionatında iştirakı gözlənilir.