Sailing Festival started in Baku

Iyulun 29-da Azərbaycan Yelkənli İdman Federasiyası və “Park-Bulvar” Ticarət və Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Yelkənli festivalı”na start verilib.
Ölkəmizdə ilk dəfə “Yelkəni bizimlə tanı” şüari altında keçirilən festivalın iştirakçıları “Park-Bulvar”ın birinci mərtəbəsində qurulmuş əyləncəli yelkənli guşə ilə tanış olublar.
Milli yığma komandanın üzvləri və məşqçilər festival iştirakçılarına bu idman növü haqqında məlumat veriblər.
Festivalın açılışında gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda bütün idman növlərinin diqqət mərkəzində saxlandığını qeyd edib. O, yelkənli idmanın ölkəmizdə inkişafı üçün hər cür şəraitin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanın 2020-ci ildə Tokioda keçiriləcək növbəti Olimpiya Oyunlarında yelkənli idmançıları ilə təmsil olunması şansı böyükdür. Yelkənli İdman Federasiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, Bakıda mövcud hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olması burada beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verir.
Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov federasiyanın yaranma və inkişaf tarixi, gənc federasiyanın qısa müddət ərzində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, əsas məqsəd gələcəkdə Azərbaycanı bu idman növündə beynəlxalq arenalarda tanıtmaq, yeniyetmə və gəncləri idmanın bu istiqamətinə daha yaxından cəlb etməkdir. Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Bakı körfəzinin coğrafi mövqeyi, doğma şəhərimizin küləklər diyarı olması, şəhərətrafı turizm və istirahət zonalarının mövcudluğu bu idman növünün inkişafı üçün münbit şərait yaradır.
Digər çıxışçılar da qısa zamanda bu idman növünə böyük marağın yarandığını diqqətə çatdırıblar.
Sonra Azərbaycanda yelkənli idmanın tarixindən, keçdiyi inkişaf mərhələləri və federasiyasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonda yelkənli guşəsində davam edən tədbirdə uşaqlar üçün əyləncəli proqram təqdim olunub.
Üç gün davam edəcək festival çərçivəsində yelkənlə bağlı müxtəlif rəngarəng oyunlar, maraqlı viktorinalar, faceart və fotoguşə fəaliyyət göstərəcək.



 
 
 

Mənbə: http://azpress.az/index.php?lang=az&sectionid=news&id=56528