Bakı, 10 yanvar, SalamNews. Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) yığma komandası bu ilin 1 – 8 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olublar.
Federasiyadan SalamNews-a verilən məlumata görə, Yelkənin Optimist və Lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımızın iştirak etdiyi “Bodrum 2017” düşərgəsi SFA-nin idman üzrə rəhbəri Burcu Algon Giorgianni, baş məşqçilər Seyhun Yıldız və Tuğçe Subaşı, eləcə də yerli məşqçilərin nəzarəti altında təşkil edilib.
2016-cı ildən etibarən SFA tərəfindən hər il təşkil edilən “Bodrum düşərgəsi”-nin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Belə ki, bu il ərzində yelkənçilərimizin bir sıra beynəlxalq yarışlarda, o cümlədən ilk dəfə olaraq, Tailandda Optimist sinfi üzrə Yelkənli İdman Dünya Çempionatında iştirakı gözlənilir.
Qeyd edək ki, yelkənçilərimiz sözügedən təlim məşq düşərgəsi ərəfəsində yanvar ayının 7-də Türkiyənin bir sıra yelkən klublarının və Rusiya idmançılarının iştirakı ilə təşkil edilən Bodrum Yelkən Yarışmasında iştirak etmiş və soyuq hava şəraitinə baxmayaraq, yarışı uğurla başa vurublar.
“Bodrum 2017” düşərgəsində iştirak edən idmançılarımızın siyahısı:
Lazer sinfi üzrə:
Selcan Abbas
Ammar Hatim
Cavid Kərimov
Optimist sinfi üzrə:
Murad Allahverdi
Ayla Babayeva
Murad Hacızadə
Murad İsmayılov
Ömər İsmayılov
İsmayıl Kərimov
Kristina Kərimova
Fərid Məmmədzadə
Rafiq Orucov