Ümummilli Liderin anadan olmasının 95 illiyi münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) keçirilib.
Ümumilikdə 31 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışıblar. Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçi” və “Xəzər” idman klublarının, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib. I, II və III yerlərin sahibləri mükafatlandırılıb. Mükafatları Gənclər və idman naziri Azad Rəhimov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim edib.
“Optimist” sinfi üzrə qaliblər
I Murad Allahverdi – AYİF-in üzvü
II Murad Hacızadə – AYİF-in üzvü
III Ayla Babayeva – AYİF-in üzvü
“Laser-standard” sinfi üzrə qaliblər
I Mixail Protasov – “Xəzər” İdman klubunun üzvü
II Rüfət Rəcəbov – “Xəzər” İdman klubunun üzvü
III Tofiq Abdullayev – “Xəzər” İdman klubunun üzvü
“Laser 4.7” sinfi üzrə qaliblər
I Fərid Məmmədzadə – AYİF-in üzvü
II Rafiq Orucov – AYİF-in üzvü
III Hatim Ammar – AYİF-in üzvü
“Laser-radial” sinfi üzrə qaliblər
I Cavid Kərimov – AYİF-in üzvü
II Kiril Klinçev – “Dənizçi” İdman klubunun üzvü
III Ağasəlim Ağalarov – “Xəzər” İdman klubunun üzvü
Azərbaycan Yelkənli İdman Federasiyasının aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox Beynəlxalq yarışlarda uğurla təmsil ediblər.
Yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilib.
Bundan başqa, açıq havada sərgi təşkil edilib. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olublar. Həmçinin, yarış boyunca sahildə qayıqların nümayişi də baş tutub.
Bir sözlə, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) Dənizkənarı Milli Parka əsl festival ab-havası gətirib. Əylənmək, istirahət etmək və foto şəkillər çəkdirmək üçün əsl yaz fürsətinə çevirilib.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə silsilə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Məhz, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) həmin layihələrin birincisidir