The 1st Sailing Festival in Azerbaijan

“Yelkəni bizimlə tanı” şüarı altında tədbirə start verilib

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkil etdiyi yelkən festivalına start verilib.

Festivalda Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, dövlət rəsmiləri və digər idman federasiyalarının rəhbərləri iştirak ediblər.

29-31 iyul tarixlərində Park Bulvar AVM-nin 1-ci mərtəbəsində davam edəcək festivalın ilk günü federasiyanın prezidenti Q.Qurbanovun açılış nitqi ilə başlayıb. O, öz çıxışında Azərbaycanda yelkənli idmanın inkişaf etdirilməsi sahəsində federasiyanın həyata keçirdiyi proqramlardan və gələcək dövr üçün hədəflənən planlardan danışıb: “Azərbaycan idman yarışlarında böyük uğur əldə edib. Bu da ölkə Prezidenti İlham Əliyevin idmana olan qayğısının bariz nümunəsidir. Gənc nəsil arasında yelkənli idman növü inkişaf edir. İdmançıların məşqinə şərait yaratdığı üçün Gənclər və İdman və Təhsil nazirliklərinə minnətdarlığımızı bildirmək istəyirik. 2016-cı ildə yelkənli qayıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu da önəmli hadisədir”.

Festivalda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Xəzər dənizi sahilində yerləşən Bakıda uzun illər yelkən görmədiyi üçün təəssüfləndiyini bildirib: “Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan idman ölkəsidir. Bu şüar bizim qarşımızda böyük məqsədlər qoyur. Azərbaycanda bütün idman növləri inkişaf etməlidir. Belə düşünürəm ki, bizim coğrafi mövqeyimiz yelkən idman növünün Azərbaycanda daim inkişafda olmasına şərait yaradır. Federasiya qısa müddətdə yay məktəbi təşkil edib. Bu da idmanın inkişafını göstərir. Bu gün federasiyada maddi-texniki baza möhkəmlənir və yeni gələn idmançılar üçün imkanlar yaranır. Bu idman növünün gələcəyi var”.

Festivalın açılış mərasiminin ilk hissəsi ölkəmizdə Yelkənli İdman Federasiyasının fəaliyyəti və yelkənli idmanın tarixindən bəhs edən sənədli filmin təqdimatı ilə başlayıb. Filmdə yelkən idmanının Azərbaycanda inkişaf tarixi, SSRİ dövründə fəaliyyəti və müstəqil Azərbaycan tarixində Heydər Əliyevin idmana xüsusi diqqəti və qayğısı nəticəsində yelkənli idmanın yenidən dirçəlməsi, ilk Azərbaycan ielkənli idman üzrə milli yığma komandasının formalaşması haqqında kadrlar öz əksini tapıb.
Filmin ardından festivala tərəfdaş olan “Zuleykha” jurnalının kreativ direktoru Lalə Mirzəyeva, Park Bulvar AVM-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Günay Malikqızı festival ilə bağlı fikirlərini paylaşıb və əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açıb.

Festivalın ikinci hissəsi əyləncəli yelkən guşəsinin açılışı ilə davam edib. Guşədə yelkənli idmanla bağlı rəngarəng hədiyyəli oyunlar, maraqlı viktorinalar, musiqili proqram, əyləncə zonası, fotoguşə fəaliyyət göstərir.

Sonra İtaliyanın Krotone şəhərində keçirilən “2016 Optimist üzrə Avropa Çempionatı”ndan yenicə vətənə qayıdan milli yığma komandamız və Yelkənli İdman Federasiyasının məşqçisi Seyhun Yıldız festival iştirakçılarını yelkən idmanı haqqında maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, festival 3 gün müddətində Park Bulvar AVM-nin birinci mərtəbəsində bütün qonaqların üzünə açıq olacaq.

1469868668_yelken

Mənbə: http://www.kaspi.az/az/azerbaycanda-ilk-yelken-festivali/