Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri Omanda “Mussanah Race Week 2019” təlim və yarışlarında iştirak edəcək

Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Omanda 2019–cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim – məşqlərdə və yarışlarda iştirak edəcək. Tanınmış, beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin də iştirak edəcəyi təlim – məşqlərə və yarışlara Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri özəl olaraq dəvət ediliblər. Beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin rəhbərliyi ilə keçiriləcək təlim – məşqlərdə də yelkənçilərimiz xüsusi iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin 31 may – 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi. 30 il məşqçi kimi fəaliyyət göstərən, 6 dünya və 4 avropa çempionatının qalibi olan Dragan Gasic məşq prosessindən və idmançılarımızın hazırlığından razı qalmışdı.
Təlim və yarışlarda Azərbaycanı “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı təmsil edəcəklər.
Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
23 ölkənin qatılacağı yarışlarda Azərbaycan yelkənçiləri “Optimist”, “Laser4,7” və “Laser radial” sinifləri üzrə iştirak edəcək.