Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə rəsmi qeydiyyatdan keçmişdir.

Federasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi və öz Nizamnaməsi əsasında həyata keçirir.

Federasiyanın əsas məqsədi respublika əhalisi arasında yelkənli idmanı təbliğ və təşviq etməklə və yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaradaraq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir.

SFA-in əsas məqsədlərindən biri respublikanın yığma komandasını hazırlayaraq, komandanın beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Məhs bu məqsədlə Avropa Yelkənli İdman Federasiyası (EUROSAF) ilə sıx əməkdaşlıq aparılır.

Federasiya öz səlahiyyəti çərçivəsində Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi, icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, illik hesabatın təsdiq edilməsi, icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi kimi məsələləri rəhbər tutaraq ildə bir dəfədən az olmayaraq Konfrans çağırır. Federasiyanın fəaliyyətinə cari rəhbərliyi İcra Komitəsi həyata keçirir. İcra Komitəsinin prezidenti, vitse-prezidentləri və digər üzvləri Konfrans tərəfindən 2 (iki) il müddətinə seçilir.

2014-cü ildən etibarən Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) Beynəlxalq Yelkənli İdman Federasiyasının (World Sailing) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvüdür.

Yelkən üçün ən önəmli olan 2 təbiət elementinin var olduğu ölkəmiz Xəzər dəniz sahilində yerləşir və daim küləklərin əsdiyi iqlimə malik olduğu üçün yelkənli idman növünün inkişafı üçün əlverişlidir.